Azərbaycan badmintonçusu “Benin International 2019” turnirində gümüş medal qazanıb
1.7.2019

Beninin Kotonu şəhərində “Benin International 2019” turnirinə yekun vurulub.

Azərbaycan Badminton Federasiyasına istinadla xəbər verilir ki, kişilərin şəxsi yarışında ölkəmizi təmsil edən Edi Reski Dviçayo turnirin gümüş medalını qazanıb. Mübarizəyə əsas mərhələdən qoşulan badmintonçumuz onaltıdabir finalda Kot-d'İvuar idmançısı Aleks Zlobeyə 2:0 (21-10,21-8) hesabı ilə qalib gəlib. İdmançımız səkkizdəbir finalda hindistanlı Harşit Aqarval üzərində 2:0 (21-18,21-17) hesablı qələbə qazanıb.

Dörddəbir finalda badmintonçumuzun rəqibi ABŞ təmsilçisi Timoti Lam olub. Gərgin keçən qarşılaşmanın sonunda Edi Reski Dviçayo təcrübəli rəqibi 2:1 (21-16,21-23,21-18) hesabı ilə məğlub edib. Yarımfinalda Hindistan badmintonçusu Alap Mişra ilə görüşdə 2:0 (21-17,21-16) hesabı qələbə qazanan Dviçayo həlledici final görüşündə London və Rio olimpiadasının iştirakçısı, Şri-Lanka təmsilçisi Niluka Karunaratne ilə qarşılaşıb. Badmintonçumuz təcrübəli rəqibinə 0:2 (21-23,17-21) hesabı ilə uduzaraq turniri 2-ci sırada tamamlayıb.


azertag.az