“Mədəniyyət və kreativ sənaye” adlı seminar keçirilib
2.7.2019

İyulun 1-də Xaçmaz rayon Heydər Əliyev Mərkəzində regionun gənc mədəniyyət işçilərinin iştirakı ilə “Mədəniyyət və kreativ sənaye” adlı seminar keçirilib. Seminarı Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Xaçmaz Regional Mədəniyyət idarəsi ilə birgə təşkil edib.

Mərkəzdən bildirilib ki, seminarın məqsədi mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında kreativ yanaşma və fərqli düşüncə tərzinin formalaşmasıdır. Mədəniyyət sahəsi müsbət alqoritmli inkişafın göstəricisi olmalıdır.

Tədbiri Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev açaraq, iştirakçıları salamlayıb və “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun fəaliyyətindən söz açıb.

Sonra Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev çıxış edərək qeyd edib ki, qurumun nəzdində fəaliyyət göstərən “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri arasında keçirilən tədbirlərin prioritet istiqamətlərindən biri kreativ sənaye vərdişlərinin formalaşmasıdır.

Seminarda, həmçinin mərkəzin şöbə müdiri Nurəddin Babazadə və sektor müdiri Ceyhun Əhmədov “Müasir dünyada kreativ sənaye amili” mövzusunda çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, müasir dövrdə kreativ və fərqli yanaşma tərzi tətbiq olunduğu bütün sahələrdə uğura səbəb olur. Sistemimizdə kreativ və təşəbbüskar mühitin yaradılmasında gənc mədəniyyət işçilərinin rasional fəaliyyəti vacib amildir.

Seminarda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb və təkliflər təqdim olunub. Tədbir çərçivəsində kreativ səriştələrin formalaşdırılması məqsədilə simulyasiya və rollaşdırılmış oyunlar təşkil olunub.


azertag.az