Azərbaycanda ilk dəfə ağrısız, suda doğuş həyata keçirilir
13.2.2013

Respublika Diaqnostika Mərkəzində Azərbaycanda ilk dəfə olaraq, suda doğuşun həyata keçirilməsinə başlanılıb.

Respublika Diaqnostika Mərkəzindən verilən məlumata görə, bu praktika artıq dünyanın bir çox ölkələrində sınaqdan keçirilib və uğur qazanıb:

“Bu səbəbdən də suda doğuşun Azərbaycanda da həyata keçirilməsinə başlanıb. Suda doğuşun əsas üstünlüyü qadının doğuşu ağrısız keçirməsidir. Belə ki, suda doğuş zamanı qadının əzələlərində elastiklik əmələ gəlir və qadın ağrı hiss etmir”.

Mərkəzdən bildirilib ki, suda doğuş xüsusi vannalarda həyata keçirilir:

“Hələlik mərkəzdə ölkəmizə Almaniyadan gətirilən bir vanna var. Gələcəkdə bu üsul uğur qazanarsa vannaların sayı artırılacaq. Qeyd edək ki, uşaq birbaşa suyun içinə doğulur. Bu zaman uşağın xəsarət alması və ya boğulması riski minimaldır. Çünki dərhal uşaq həkimlərin köməyi ilə sudan çıxarılır. Əksinə uşağın suda doğulması onun adaptasiyasına kömək edir, dərindən nəfəs alan uşağın ciyərləri açılır”.

Qeyd edək ki, hələlik bu üsulla Azərbaycanda yalnız bir necə xarici ölkə vətəndaşı istifadə edib.

Gün.Az