Sabaha olan hava proqnozu açıqlanıb
4.7.2019

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 5-də hava yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

Şimal və cənub çimərliklərində şimal-qərb küləyi gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23 dərəcə isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 5-i axşamdan 7-si axşamadək Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.


report.az