Qobustan Milli Tarix-Bədii Qoruğu Avropa İttifaqı Şurasının Prezidentində xoş təəssürat yaradıb
11.7.2019

Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk iyulun 9-da Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

Əvvəlcə qonaq qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb.

Məlumat verilib ki, Qobustan Dövlət Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd edilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Qonağın diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESKO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib.

Donald Tusk ərazidə aparılmış tədqiqat işləri ilə və tarixi eksponatlarla maraqlanıb.

Sonda qonağa Qobustanın tarixini əks etdirən kitablar hədiyyə olunub.

Avropa İttifaqı Şurasının Prezidenti Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratla ayrılıb.


azertag.az