Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin və Azərbaycanın bu
ölkədəki səfirliyinin təşkilatçılığı ilə paytaxt Ankarada müqəddəs
Qurban bayramı münasibətilə azərbaycanlı tələbələr üçün tədbir
keçirilmişdir. Tədbirə 300-dək tələbə qatılmışdır.
Səfir Faiq Bağırovun tələbələrimizə bayram təbrikini çatdıran səfirliyin
müşaviri Dursun Həsənov Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi ilə
birgə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Azərbaycan Təhsil Nazirliyinin Türkiyədəki nümayəndəsi Nəcibə Nəsibova
tələbələr adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, bu əziz gündə
azərbaycanlı tələbələrin bayramının qeyd olunmasını onlara göstərilən
diqqət və qayğının daha bir təzahürü kimi qiymətləndirmişdir.
Sonra tələbələr üçün bayram süfrəsi açılmışdır. Gənclər milli musiqimizin sədaları altında rəqs etmişlər.