Azərbaycan iqtisadiyyatı 2,4% böyüyüb
15.7.2019

Bu ilin I yarısında Azərbaycanın ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4% artaraq 37 825,2 milyon manata çatıb, əhalinin hər nəfərinə düşən ÜDM isə 3828,1 manata bərabər olub.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

ÜDM istehsalının 44,6%-i sənayenin, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9%-i tikintinin, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 14,5%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 %-ni təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,8%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 13,1%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,3%, sənayedə 2,9%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,8%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,5%, digər xidmət sahələrində 1,8% artmış, tikintidə isə 11,2% azalıb.

İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 1,3%, qeyri neft-qaz sektorunda isə 3,2% artıb.