Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - PROQNOZ
16.7.2019

Yaxın günlərdə bazarlarda pomidorun qiymətində ucuzlaşmanın olacağı gözlənilir.

Bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Son bir həftə ərzində pomidorun qiymətinin bahalaşdığını deyən ekspert bunun əsas səbəbini hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun gec yetişməsi ilə izah edib.

Onun sözlərinə görə, əvvəlki illərdə pomidorun istixana şəraitində yetişdirilməsi başa çatdıqdan sonra sahə tərəvəzlərinin kütləvi şəkildə bazara çıxarılması təmin olunurdu. Bu il isə hava şəraiti ilə əlaqədar açıq sahədə əkilən pomidorun yığımının ləngiməsi, eyni zamanda istixana şəraitində pomidorların yetişdirilmə dövrünün başa çatması qiymətin artmasına səbəb olub:

“Yaxın zamanda sahə pomidorlarının bazara çıxarılacağını və təklifin artacağını gözləyirik. Oxşar vəziyyət 2017-ci ildə müşahidə edilmişdi. Həmin ildə də qiymətlər bahalaşmışdı, sonra sahə pomidorlarının bazara çıxarılması ucuzlaşmaya səbəb olmuşdu. Güman edirik ki, yaxın günlərdə qiymətlərdə azalmanın olacağı gözlənilir. Sahə pomidorlarının bazara daha çox çıxarılması qiymətlərin enməsinə təsir edə bilər”.

V.Bayramov Azərbaycanda sahə pomidorlarının ən çox Xaçmaz, Tovuz, Qazax rayonlarında yetişdirildiyini də nəzərə çatdırıb.