“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Biləsuvarda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihəsi icra edilir.
Cəmiyyətdən verilən məlumata görə, 2019-cu ilin dövlət investisiya layihəsinə əsasən məcburi köçkünlərin yaşadığı 7-11-ci qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su mənbəyindən 400 mm diametrli polietilen borularla 15 km uzunluğunda magistral su kəməri çəkilir. Cari ilin may ayında icrasına başlanılmış layihə üzrə işlərin artıq 90 faizindən çoxu yekunlaşıb. Magistral kəmərin inşası iyul ayında başa çatdırılacaq və mövcud şəbəkəyə birləşmələr veriləcək.
Yeni kəmərin istismara verilməsi ilə qəzalı vəziyyətdə olan köhnə polad magistral xətt ləğv olunacaq. Ümumilikdə yeni layihənin icrasından 5 qəsəbədə yaşayan 7 min məcburi köçkün faydalanacaq.
Qeyd edək ki, 4500-dək ailənin yaşadığı və 11 qəsəbədən ibarət Cəbrayıl məcburi köçkün şəhərciyində içməli su layihəsi mərhələlərlə həyata keçirilir. 2011-ci ildə icra olunmuş layihə 6 qəsəbəni əhatə edib. Layihə çərçivəsində məcburi köçkünləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə subartezian quyuları qazılıb. Quyu zonasında tutumu 4000 kubmetr olan 2 su anbarı tikilib. Layihə çərçivəsində 12 km magistral, 89 km uzunluğunda qəsəbədaxili su xətləri çəkilib, 2600-dən çox evə birləşmə verilib. Dayanıqlı su təchizatının aparılması üçün 6 qəsəbənin hər birində tutumu 100 kubmetr olan su anbarı, nasosxana inşa edilib, 18 ədəd nasos və 6 ədəd 63 KVT-lıq transformator quraşdırılıb. Növbəti mərhələdə 11 qəsəbədə bütün evlər sayğacla təmin olunub.