Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) hüquqi şəxslərin qeydiyyatı başlayıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 149 hüquqi şəxsin qeydiyyatdan keçəcəyi gözlənilir: "Hüquqi şəxslərin öz aqrar fəaliyyətlərinə dair məlumatları yeni sistemə daxil etməsi bir ay ərzində yekunlaşacaq".
İyulun 17-dək 313 377 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edib. Ümumilikdə 313 792 təsərrüfat yeni sistemdə qeydiyyata alınıb. 228 366 fermer elektron sistemdə Dövlət Aktı/şəhadətnamə, 63 914 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 7279 fermer icarə sənədi, 3278 fermer etibarnamə, 703 fermer vərəsəlik şəhadətnaməsi, 378 fermer arayış, 59 fermer torpaq sahələrinin plan və ölçü sənədi əsasında EKTİS-də qeydiyyatdan keçiblər. Digər fermerlər isə torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən digər sənədlər əsasında öz aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər.
Bugünədək EKTİS-də ən çox Sabirabad (15 744), Xaçmaz (12 569), Cəlilabad (11 385) Bərdə (11 187), Şəki (10 447), İmişli (10 306) və Saatlı (10 217) fermerləri qeydiyyatdan keçib".
V.Hüseynov deyib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində fiziki və hüquqi şəxslərin qeydiyyatının optimal müddətdə başa çatdırılması planlaşdırılır.