Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə poçt markasını dövriyyəyə buraxıb.
Nazirlikdən verilən məlumata görə, nominal dəyəri 1 manat təşkil edən marka 20 min suvenir səhifə tirajla işıq üzü görüb.
Suvenir səhifənin üzərində ulduzlu səma fonunda Yer kürəsinə yayım siqnalı ötürən peyk, «Azərkosmos» ASC-nin loqosu və yeni binası, habelə «Azərbaycanın ilk telekommunikasiya peyki» yazısı təsvir olunub.
Qeyd edək ki, Azərbaycanın ilk telekommunikasiya peyki «Azerspace-1» fevralın 8-də Bakı vaxtı ilə saat 01:36-da Cənubi Amerikada yerləşən Fransa Qvianasının Kuru Kosmodromundan Fransanın «Arianespace» şirkətinin «Ariane 5» raket daşıyıcısı vasitəsilə qaldırılıb və uğurla geostasionar orbitə çıxarılıb.
Təyin olunan vaxtda – startdan 34 dəqiqə sonra kosmik aparat raketin gövdəsindən ayrılıb.
Çəkisi təxminən 3 200 kq təşkil edən «Azerspace-1» peyki 46° Şərq uzunluq dairəsində geostasionar orbitdə yerini tutacaq.
APA