"Belə bir kompleks yarışlar idmançılar üçün çox vacibdir. Çünki onlar ayrı məkanda - Atletlər Kəndində yaşayırlar. Belə mühitlə tanışlıq, komanda şəklində birgə olmaq gənclərimiz üçün böyük təcrübədir. İnanırıq ki, bu təcrübədən gələcəkdə də yararlana biləcəklər".
Bunu jurnalistlərə Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) barədə danışarkən deyib.
Nazir EYOF-da Azərbaycan idmançılarından gözləntilərini də açıqlayıb: "Bu festivalda bəzi idman növlərinə böyük ümidlər bəsləyir və həmişəki kimi, çoxlu medal gözləyirik. Çox istərdik ki, bu festivalda medal qazandığımız idman növlərinin sayı geniş olsun və 4-5 növdə əldə edək. Amma hər halda sona 2 gün qalmış medalların kəmiyyət və keyfiyyətində ikinci yerdəyik. Arzumuz Azərbaycanın "5-lik"dən aşağıda olmamasıdır".
Qeyd edək ki, hazırda Azərbaycan 9 qızıl, 6 gümüş və 5 bürünc medalla ikinci pillədədir. 18 qızıl, 10 gümüş və 14 bürün medalı olan Rusiya isə siyahıya başçılıq edir.