Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində Bakıda abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib
7.8.2019

Avqustun 6-da IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib.

Ümumi sahəsi 1,4 hektar olan həyət Binəqədi rayonu, Abay Kunanbayev küçəsi 3, 3A, 5/13, 5B, 5V, 5A/15 və Süleyman Sani Axundov küçəsi 15/1 ünvanlarında 2650 nəfər sakinin yaşadığı beşmərtəbəli yeddi binanı əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt Bakıda həyətlərin ekoloji cəhətdən təmiz saxlanılması və abadlaşdırılması, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini futbol və basketbol meydançaları, müxtəlif idman qurğuları və uşaqlar üçün 3 oyun meydançası salınıb.

Eyni zamanda, ərazidə 5 söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac, gül kolları əkilib və 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində paytaxtımızda abadlaşdırılan iyirmi səkkizinci həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.