Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi avqustun 15-dən 19-dək aparılır.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas qrupları üzrə müsabiqə şərtləri aşağıdakı kimidir:
I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
“Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır.
II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
Marketinq;
Biznesin idarə edilməsi;
Kommersiya;
Regionşünaslıq (regionlar üzrə);
Turizm və otelçilik.
III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
“Jurnalistika” ixtisasını yalnız III ixtisas qrupu üzrə təqdim olunan müsabiqə şərtlərini ödəyən və test imtahanından sonra təqdim olunmuş mövzu üzrə yazı işini (inşanı) müvəffəqiyyətlə yerinə yetirən abituriyentlər seçə bilərlər.
IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq”, “Bitki mühafizəsi”, “Bağçılıq və tərəvəzçilik” ixtisasları və Lənkəran Dövlət Universitetinin “Bağçılıq və tərəvəzçilik” ixtisası üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Qəbul elanının tam mətni ilə buradan tanış olmaq mümkündür.
Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.
Subbakalavrlar ixtisas seçimində iştirak etmək üçün avqustun 15-dən 19-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuşdur. Qəbul aparılan ixtisasların uyğunluğu “Abituriyent” jurnalının “2019/2020-ci tədris ili üçün Azərbaycan Respub-likasının ali təhsil müəssisələrinə subbakalavrların qəbulu elanı” adlı xüsusi buraxılışında (bax: “Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas(baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”) və “Abituriyent” jurnalının 8-ci sayında (“Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas(baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”nə edilmiş əlavə) təqdim olunmuşdur.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Orta ixtisas təhsili müəssisələrinin isə dövlət hesabına və ya ödənişli əsaslarla qəbul aparılan ixtisaslarının kodları fərqlidir. Hər bir ixtisas kodu ərizəyə ayrıca daxil edilməlidir.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.