«Azersun Holding» Azərbaycanda kiçik ərzaq mağazaları şəbəkəsi yaradır
14.2.2013

Azərbaycanın qida sənayesində fəaliyyət göstərən «Azersun Holding» Şirkətlər Qrupu ölkədə kiçik mağazalar şəbəkəsi yaratmaq imkanlarını nəzərdən keçirir.

Bu barədə «Azersun Holding»in prezidenti Abdolbari Goozal bildirib.

Onun sözlərinə görə, kiçik mağazalar şəbəkəsinin yaradılmasında məqsəd qida məhsullarının standartlara uyğun qaydada saxlanması, istehlakçılara daha keyfiyyətli çatdırılması, eləcə də iqtisadi səmərəliliyi artırmaqdır: «Təşviq edirik ki, nisbətən kiçik standart mağazalar da olsun. Yəni, məhsulu keyfiyyətli çatdırsın».

Eksperiment üçün iki belə mağaza artıq fəaliyyətə başlayıb. Eksperimentin nəticələrindən asılı olaraq, onların şəbəkəsinin genişləndirilməsi ilə bağlı qərar qəbul ediləcək: «Hələlik baxırıq, görək əhali nə istəyir. Çünki hər ölkənin öz alıcılıq mədəniyyəti var».

Qeyd edək ki, ölkənin qida sənayesinin lideri və sektorda böyük paya malik olan «Azersun Holding» qida məhsullarının istehsalı və satışı ilə məşğuldur. Azərbaycanın ən böyük super-marketlər şəbəkələrindən biri olan «Bazarstore» da Holdinqin tərkibində fəaliyyət göstərir.

APA