"Azərbaycanda qan donorluğunun inkişaf etdirilməsi üçün lazımi addımlar atılır. Ölkədə Qan xidməti müəssisələrinin fəaliyyəti optimallaşdırılıb, qanunvericilik bazası təkmilləşdirilib".
"Report" xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev qan donorluğuna dəstək məqsədi ilə Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumunda deyib.
E.Ağayev xatırladıb ki, ölkədə qan donorluğunun inkişafı ilə əlaqədar 2005-ci ildən indiyədək 3 dəfə dövlət proqramı qəbul edilib.
Nazir müavini bu istiqamətdə tədbirlərin davam etdirildiyini vurğulayıb.
Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev də çıxışında qeyd edib ki, dövlət qan donorluğunun inkişaf etdirilməsinə dəstək verir.
O bildirib ki, bu məsələdə gənclər aktivlik göstərirlər.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib ki, fond bu istiqamətdə keçirilən tədbirlərə dəstəyini əsirgəmir.
Beynəlxalq Qan donorları Cəmiyyətləri Federasiyasının icraçı direktoru Sayah Abdelmalik çıxışında qan donorluğunun inkişafına dəstək verilməsinin vacibliyini, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ehtiyacı olanları gəlir güdmədən qanla təmin etməyin ali məqsəd olduğunu vurğulayıb.
Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov qeyd edib ki, Azərbaycanda donorluğun inkişafı 1970-1980-ci illərdən başlayıb, həmin dövrdə qanverən donorların sayı il ərzində 160 min olub.
Ç.Əsədov 2005-ci ildən qəbul olunan dövlət proqramlarının bu sahəyə böyük dəstək verdiyini deyib.