İon - Adriatik boru kəmərinin ilkin layihəsi gələn ilin sentyabrınadək hazır olacaq
3.9.2019

Albaniya, Bosniya və Hersoqovina, Xorvatiya, Monteneqro Azərbaycan qazını Avropaya nəql edəcək İon – Adriatik boru kəmərinin (İAP) ilkin layihəsini 2020-ci ilin sentyabr ayınadək hazırlamaq niyyətindədir.

“Report” bu barədə Monteneqronun “Pobeda” nəşrinə istinadən xəbər verir.

“Hazırda layihəyə dair işlər nəzərdə tutulmuş cədvələ uyğun davam edir, biz həm görülən işlərin sürətindən, həm də tamamlanan işlərin yüksək keyfiyyətindən razıyıq”, – Monteneqro İqtisadiyyat Nazirliyindəki mənbə bildirib.

Xatırladaq ki, Azərbaycan təbii qazının Avropaya nəql ediləcəyi Trans Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq İAP Xorvatiya (249 kilometr), Monteneqro (95 km), Albaniya (167 km) ərazisindən keçəcək, illik nəqletmə gücü də 5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Xorvatiya, Albaniya, Bosna-Herzeqovina, Monteneqro hökumətləri arasında 2016-cı ilin avqust ayında İAP tikintisinə dair anlaşma memorandumu imzalanıb.