Şahdağ Milli Parkında turistlər üçün yeni çığırlar salınacaq
1.10.2019

Şahdağ Milli Parkında turistlər üçün artıq 50-yə yaxın cığır salınıb. Bu il ərzində daha iki cığır salınacaq.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə ekodəhlizlərin yaradılması layihəsi çərçivəsində əməkdaşlıq edən Regional Ekoloji Mərkəzinin Azərbaycan nümayəndəliyinin direktoru Mələk Şükürova "Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, hazırda bu işlər Şahdağ Milli Parkının Qonaqkənd və İsmayıllı ərazisində aparılır.

M.Şükürova qeyd edib ki, Qonaqkənddən başlayaraq milli parkın ərazisindən keçərkən yaylaqlara çıxış olacaq: "Ekodəhlizlərin yaradılması sahəsində ETSN ilə birlikdə 2 ilə yaxındır işlər aparılır. Bu ilin may-iyul ayına kimi bu proqrama icmaları da dəvət etdik. İcmalara təlimlər keçirildi. Onlarla birlikdə Şahdağ Milli Parkı üçün ekoturizm proqramı hazırlandı. Həmin proqram tərkibində ekocığırların inkişafı komponenti də var idi. Bizim layihənin əsas funksiyası infrastrukturların salınmasıdır. Hazırda mütəxəssislər yerində işləyir. Bununla bağlı işlər davam edir. Şahdağ Milli Parkında həyata keçirilən işlər uğurlu olsa, digər milli parklarda da həyata keçirəcəyik".