Varşavada Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend- verilən məlumata görə, Komitənin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov açılışda iştirak ediblər.
Assosiasiyanın rəhbəri Xəlil Həsənov qonaqları ofislə tanış edib, görüləcək işlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. Bildirib ki, ofisin açılmasında əsas məqsəd Polşada yaşayan azərbaycanlıları bir araya gətirmək və onların fəaliyyətlərini mərkəzləşdirməkdir.
Polşa Azərbaycanlıları Assosiasiyası 2019-cu ildə paytaxt Varşavada təsis edilib və öz ətrafında əsasən Polşada yaşayan azərbaycanlı iş adamlarını birləşdirir.
Mərkəzi ofisin açılışından sonra mərasimə toplaşan azərbaycanlı iş adamları ilə görüş keçirilib.
Komitə sədri Polşa Azərbaycanlıları Assosiasiyasının əhəmiyyətindən danışıb və azərbaycanlıların birləşməsi üçün onun fəaliyyətini vacib saydığını vurğulayıb. O, Polşada yaşayan azərbaycanlılar, onların yaratdıqları təşkilatlar haqqında danışıb, eyni zamanda, ehtiyac olacağı təqdirdə burada da həftəsonu Azərbaycan məktəblərinin açılmasına Komitənin dəstək verəcəyini qeyd edib. F.Muradov bildirib ki, Komitə xaricdə yaşayan hər bir soydaşımızı diqqətdə saxlayır.
Sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev tədbir iştirakçılarına rəhbərlik etdiyi Fond haqqında geniş məlumat verib.
Səfir Həsən Həsənov mərkəzi ofisin açılışı münasibətilə təbriklərini çatdıraraq bildirib ki, səfirlik Polşada yaşayan azərbaycanlıların birgə fəaliyyəti, cəmiyyətə inteqrasiya olunmaları işində Polşa Azərbaycanlıları Assosiasiyası ilə əməkdaşlığa hazırdır.
Səfir Komitə sədrinin Polşaya səfərini yüksək qiymətləndirib, bu ölkədə təhsil alan, yaşayıb çalışan azərbaycanlıların sayının getdikcə artdığını, artıq 200-ə yaxın soydaşımızın Polşa Respublikasının vətəndaşı olduğunu diqqətə çatdırıb.
Sonda F.Muradov Polşa Azərbaycanlıları Assosiasiyasına tarix və mədəniyyətimizi təbliğ edən kitablar bağışlayıb.
Görüş geniş fikir mübadiləsi ilə yekunlaşıb