Azərbaycanın daha 10 rayonunda güzəştli şərtlərlə səyyar gübrə satışı olacaq
14.10.2019

Bu ilin sentyabr ayından Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, güzəştli şərtlərlə səyyar satışına başlayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Göyçay, Zərdab, Kürdəmir, Qusar, Xaçmaz, Şabran, Quba, Balakən, Qax və Şəkidə təşkil ediləcək. Səyyar satışlar oktyabrın 15-də Göyçayın Qarabaqqal, Qusarın Yasaqoba, Şəkinin Bollu kəndində, oktyabrın 16-da Göyçayın Alpout, Qusarın Şirvanovka, Şəkinin Böyükdəhnə kəndində, oktyabrın 17-də Zərdabın Pərvanlı, Xaçmazın Dədəli, Balakənin İtitala kəndində, oktyabrın 18-də Zərdabın Qoruqbağı, Şabranın Uzun Boyad, Balakənin Kor tala kəndində, oktyabrın 19-da Kürdəmirin Köhünlü, Qubanın Hacı Hüseynli, Qaxın Zəyəm kəndində həyata keçiriləcək.

Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.