İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarına dair məlumatlar verilib
17.10.2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu il üçün Tədbirlər Planına əsasən Bərdə rayonunda “İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirib.

Nazirlikdən verilən məlumata görə, bildirilib ki, attestasiya komissiyasının tərkibi azı beş nəfərdən ibarət olmalıdır. Komissiyanın işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələbinə əməl edilməklə aparılmalı və həmin komissiya qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul etməlidir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. İşçilərin və iş yerlərinin attestasiyası komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.

Tədbirdə iş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi, attestasiyanın keçirilməsi qaydaları, həmçinin hansı kateqoriyalardan olan işçilərin attestasiyasının keçirilmədiyi və s. barədə ətraflı məlumatlar verilib. Müvafiq mövzuda suallar cavablandırılıb.

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub, işəgötürənlərin qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması sahəsində səylərini gücləndirmələrinin vacibliyi vurğulanıb.