Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sisteminin yekun testlərinə başlanılıb
18.2.2013

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mobil Cihazların Qeydiyyat Sisteminin (MCQS) yekun testlərinə başlayıb.

İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, Mobil Cihazların Qeydiyyat Mərkəzi «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli qərarına uyğun olaraq yaradılıb.

Mərkəzdə Azərbaycanın telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların, qeyd olunan qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı nəzərdə tutulub. MCQS tam fəaliyyətə başladıqdan sonra qeydiyyatsız, oğurluq və klon cihazların IMEI nömrələri identifikasiya olunaraq mobil telekommunikasiya şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq. Şəbəkədən məhdudlaşdırma prosesi MCQS-in tam istifadəyə verildikdən sonra nəzərdə tutulub.

Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən mobil telekommunikasiya operatorları MCQS-yə qoşularaq real vaxt rejimində məlumat mübadiləsini təmin edəcək.

APA