Almaniyanın Frankfurt-Mayn şəhərində keçirilən 71-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində oktyabrın 17-də Azərbaycan Milli Kitabxanası ilə Humboldt adına Berlin Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
İmzalanma mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin bir sıra əməkdaşları və Humboldt Universitetinin dosenti Rasim Mirzəyev iştirak ediblər.
Memorandumu Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və Humboldt adına Berlin Universitetinin Azərbaycan tarixi şöbəsinin müdiri professor Eva-Maria Aux imzalayıblar. Üç il müddətinə imzalanan bu sənəd tarixi və mədəni biliklərin gücləndirilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsini, qarşılıqlı kitab, informasiya və elektron resursların, çap məhsullarının rəqəmsal variantlarının mübadiləsini, treninqlərin, elmi konfransların keçirilməsini nəzərdə tutur.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev imzalanma mərasimində çıxış edərək Humboldt adına Berlin Universitetinin Azərbaycan tarixi şöbəsinin müdiri professor Eva-Maria Auxa və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Nazir müavini Humboldt adına Berlin Universitetində Azərbaycan tarixi şöbəsinin fəaliyyətini yüksək qiymətləndirib və onun Alman-Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Sonda Vaqif Əliyev dövlətçiliyimizə, tariximizə və mədəniyyətimizə dair nəşrləri professor Eva-Maria Auxa hədiyyə edib.