Kapital Bank rəqəmsal bankçılıq sahəsində ilkə imza atdı
22.10.2019

Müasir dünya inkişaf etdikcə bütün müştərilərə kütləvi şəkildə aksiyalar təqdim edilməsi öz aktuallığını itirir. Qlobal şirkətlər artıq hər bir müştəriyə fərdi yanaşma tətbiq edərək öz xidmət səviyyəsini yüksəldir. Kapital Bank da yerli bankçılıq sahəsində bu istiqamətdə ilk addımı ataraq, EVAM Streaming Analytics platformasını tətbiq etməyə başlayıb.

Sözügedən platforma ani data əsasında müştəri profilinin analizinə uyğun olaraq doğru zamanda doğru addımlar atmağa imkan verir.

Kapital Bank-ın Baş Marketinq İnzibatçısı Samir Məmmədovun dediyinə görə indiyə qədər müştərilər kütləvi mesajlar alırdılarsa, artıq EVAM platformasının tətbiqindən sonra müştərilər yalnız onlara uyğun olan məlumatı alacaqlar. Belə ki, müştəri kartla və ya BirBank mobil tətbiqində əməliyyat edən zaman həmin əməliyyata və onun fərdi profilinə uyğun olan kampaniyaları, eləcə də başqa faydalı məlumatları əldə edəcək. Hansı müştəriyə, hansı anda, hansı təklifin və ya məlumatın maraqlı ola biləcəyi isə data modelləşdirmənin köməyi ilə təyin olunur. Bununla da individual müştəri səviyyəsində seqmentləşdirmə etmək mümkün olub.

“Tətbiq etdiyimiz EVAM platforması vasitəsilə hər bir müştəriyə onun üçün xüsusi hazırlanan təkliflər, ona maraqlı ola biləcək yeniliklər və ya məlumatlandırıcı mətnlər gerçək zamanda göndərilir. Misal üçün, müştəri PIN şifrəni 3 dəfə səhv yığıb və onun kartı bloklanıb. Kart bloka düşən anda müştəriyə BirBank-a daxil olub kartın PIN şifrəsini yeniləyərək, blokdan çıxarılması haqqında SMS və ya BirBank vasitəsilə bildiriş göndərilir. Və ya başqa bir misal çəkim. Bəzən olur ki, müştərilər kreditin ödəniş vaxtını unudurlar. EVAM vasitəsilə hər bir müştəri öz kreditinin son ödəniş tarixinə 3 gün qalmış ödəmə vaxtının yaxınlaşdığı və ödənişi ən rahat hansı üsulla ödəyə biləcəyi barədə bildiriş alır”, - deyə Samir Məmmədov bildirib.