Xəstəliklərin beynəlxalq təsnifatına əsasən, kəkələmə səslərin, hecaların və sözlərin uzadılması, həmçinin danışıqda tez-tez fasilə verilməsi ilə xarakterizə olunan nitq qüsurudur. 1998-ci ildən başlayaraq hər il oktyabrın 22-də dünyada Beynəlxalq Kəkələyənlər Günü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, həmin gün 1995-ci ildə yaradılmış Beynəlxalq Kəkələyənlər Assosiasiyasının təşəbbüsü ilə keçirilir. Assosiasiyanın məlumatlarına əsasən, dünya əhalisinin təxminən bir faizi kəkələmədən əziyyət çəkir. Araşdırmalara görə, həmin problemə daha çox oğlanlar arasında rast gəlinir və 2-6 yaş dövründə daha aktiv hiss edilir.
Kəkələmənin yaranma səbəbləri müxtəlif olsa da, onu əsasən, hamilə vaxtı qadının travma alması ilə əlaqələndirirlər. Qorxu, şiddət və güclü həyəcan problemin yaranma səbəblərindən biri kimi göstərilir.
Loqopedik ədəbiyyatda kəkələmə belə təsvir olunur: “Nitqin ahəngdar ritminin pozulması danışıq aparatı əzələlərinin qıcolması ilə əlaqədardır”. Əksər hallarda kəkələmə loqofobiya - danışmaqdan qorxu xofu ilə əlaqədar olur.
Cəmiyyətin kəkələyən adamlara yanlış münasibəti ümumilikdə insan həyatına və onun emosional vəziyyətinə ciddi təsir göstərir, bu da çox vaxt stressə və özünəqapanmaya səbəb olur. Kəkələyən uşaqlar təəssüf ki, əksər hallarda istehza hədəfinə çevrilir.
Kəkələməni aradan qaldırmaq üçün müxtəlif terapiya və nəfəs məşqlərindən istifadə olunur. Valideynlər isə ilk növbədə uşaqların sərbəst ünsiyyətə girməsi və özünü ifadə etməsi üçün normal mühit yaratmalıdırlar.
Qeyd edək ki, kəkələmə kimi nitq qüsuru bir çoxlarının məşhurlaşmasına və gözəl danışıq tələb edən sahələrdə özünü ifadə etməsinə mane olmayıb. Onların arasında - kinorejissorlar, aktyorlar, siyasətçilər, şairlər, sərkərdələr, din xadimləri, televiziya aparıcıları və digər peşələrin nümayəndələri də var.