Türkiyənin Mersin şəhərində XIV TÜRKSOY Opera Günləri başlamışdır
23.6.2011

TÜRKSOY-un təşəbbüsü ilə Türkiyənin Mersin şəhərində XIV Opera Günləri başlamışdır.
Bu ilki festival görkəmli tatar şairi Abdulla Tukayın anadan olmasının 125-ci ildönümünə həsr olunur.
Opera bayramının Mersin Dövlət Opera və Balet Teatrında keçirilən açılış mərasimində TÜRKSOY-un baş direktoru Düsen Kaseinov çıxış edərək bildirmişdir ki, bu sənət festivalı təşkilatın türk dünyası ölkələri arasında mədəniyyət əlaqələrinin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm layihələrdən biridir.
Rusiya Federasiyası Başqırdıstan Respublikasının mədəniyyət naziri Aksar Abdrazakov da TÜRKSOY Opera Günlərinin türkdilli toplumlar arasında əməkdaşlığın və türk dünyası mədəniyyətinin dünyada təbliği sahəsində mühüm hadisə olduğunu söyləmişdir.
Sonra Qazaxıstandan gəlmiş maestro Nurjan Baibussinovun dirijorluğu ilə Mersin Opera və Balet Teatrı orkestrinin müşayiət etdiyi opera müğənnilərinin ifasında ariyalar səslənmişdir. Azərbaycandan İlahə Əfəndiyeva, Qazaxıstandan Dinara Dyumaqambetova, Qırğızıstandan Elnura Samarbekova, Başqırdıstandan Artur Kaupkulov, Moldovadan Qalina Vlad və digər müğənnilər dünya klassiklərinin əsərlərini ifa etmişlər.
TÜRKSOY XIV Opera Günlərinin ikinci mərhələsi Şimali Kiprdəki tarixi Girne Qalasında, yekun konserti isə İstanbulun Kadıköy rayonundakı Sürəyya Opera Teatrında olacaqdır.