Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi martın 27-dən aprelin 4-dək keçiriləcək Kolombo Beynəlxalq teatr festivalında iştirak edəcəkdir.
Teatrın mətbuat xidmətindən bildirilmişdir ki, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSITEJ) Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçiriləcək Beynəlxalq monotamaşalar teatr festivalında teatrın yaradıcı heyəti Patrik Züskindin “Kontrabas” tamaşasını təqdim edəcəkdir.
Tamaşada Əməkdar Artist, Prezident mükafatçısı, “Qızıl Dərviş” mükafatı laureatı Şövqi Hüseynov çıxış edəcəkdir.
Festival çərçivəsində keçiriləcək beynəlxalq konfransda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar Artist Mübariz Həmidovun “Azərbaycan teatrı – 140” mövzusunda çıxışı nəzərdə tutulmuşdur.
“Kontrabas” tamaşası İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında yüksək mükafatlara layiq görülmüşdür.
© AzərTAc