Azərbaycanda 15 yeni “gənclər evi” inşa olunacaq
19.2.2013

“Hazırda Azərbaycan 15 rayon və şəhər mərkəzlərində “gənclər evi” və mərkəzləri fəaliyyət göstərir. Yaxın 2 il ərzində isə onların sayının artırılması nəzərdə tutulub”. Bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, yaxın 2 il ərzində ən azı 15 yeni “gənclər evi” inşa olunaraq istifadəyə veriləcək. Nazir müavinin sözlərinə görə, onların 5-i Bakı şəhərinin rayonlarında, 10-u isə respublikanın digər rayon və şəhərlərində olacaq: “Bu gün Azərbaycanın paytaxt və regionlarında gənclər üçün sosial xidmət göstərən müəssisələr şəbəkəsi genişlənib. Bunun nəticəsində də ölkə gənclərini çayxanalardan yayındırmaq mümkün olub. Artıq bu gün çayxanadan gənclər evinə keçid mərhələsindəyik. Artıq gənclərin yeni məkanları formalaşıb ki, onlar orada maraqlı müzakirələr aparır, ictimai fəallığı artırır, hansısa təşəbbüs və layihələr həyata keçirirlər. Ölkədə gənclərin ictimai fəallığının artırılması üçün artıq kifayət qədər müsbət nəticələrimiz var. Amma təbii ki, bunlarla kifayətlənmək olmaz. Bu istiqamətdə gələcəkdə də işlərimizi davam etdirəcəyik”.

APA