Azərbaycan musiqi tarixində ilk dəfə olaraq Sevil Əliyevanın əsərləri MDB ölkələrinin mədəniyyəti tarixində özünəməxsus yer tutan “Universal Myuzik” kimi dünya şöhrətli şirkət tərəfindən işıq üzü görüb.
Gomap.az saytının “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, əsərləri nəfis disk formasında hazırlanan görkəmli bəstəkar S. Əliyevanın “The Gallery Of Seville” instrumental albomunun Moskvada təqdimatı keçirilib.
S. Əliyeva “The Gallery Of Sevillel” albomunu atası Heydər Əliyev və anası akademik Zərifə Əliyevaya həsr edib.
Klassik və caz musiqilərinin toplandığı albomun ərsəyə gəlməsində Sergey Skripkanın rəhbərliyi altında Rusiya simfonik orkestri, dünyanın ən məşhur ifaçılarından Yuri Başmet, görkəmli saksofon ifaçısı İqor Butman birliyi iştirak edib. Albom Londonun məşhur “Əbbe Roud” studiyasında yazılıb.
“The Gallery Of Seville” albomu iki variantda hazırlanıb. Birinci variant ikidiskli konseptual bukletli albomdur. İkinci variant isə Sevil Əliyevanın atası Heydər Əliyev və anası Zərifə Əliyeva ilə birgə uşaqlıq və yeniyetməlik şəkillərinin toplandığı diskli kitabdır. Belə nəfis diskli kitab dünya şöhrətli “Universal Myuzik” şirkətində ilk dəfədir ki, buraxılır.
Moskvada İqor Butmanın caz klubunda keçirilən təqdimat mərasiminə ənənəyə uyğun olaraq “Universal Myuzik”in baş direktoru Dmitri Konnovun aparıcılıq edib.
Təqdimat mərasiminin qonaqları sırasında Leonid Mleçin, Vsevolod Şilovski, Vladimir Berezin, Natalya Daryalova, İlya və Aleksandra Buts və digər tanınmış qonaqlar olub.
“The Gallery Of Seville” albomu artıq satışdadır.
Qeyd edək ki, S. Əliyevanın Müslüm Maqomayevin ifasında səslənən “Ana”, “Vozvratis, Lyubimaya” və Radmila Karaklaiçin ifa etdiyi “Budu” mahnısı hamıya yaxşı tanışdır.