Azərbaycanda gənclər üçün Prezident mükafatı təsis olunacaqdır
20.2.2013

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində ölkəmizdə fərqlənən gənclər üçün Prezident mükafatı təsis olunacaqdır.
Bu sözləri gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə müsahibəsində demişdir.
İ.Babayev bildirmişdir ki, bununla bağlı hazırlanan Əsasnamə dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Əsasnamə çərçivəsində hər il müəyyən sayda elm və təhsil, mədəniyyət və incəsənət, ictimai fəallıq üzrə fərqlənən gənclərin qiymətləndirilməsi nəzərdə tutulacaqdır.
Yaxşıların-yaxşısının yüksək səviyyədə qiymətləndirilməsi üçün seçimlər çox ciddi şəkildə aparılacaqdır. Bu işin həyata keçirilməsi üçün dövlət qurumları və ictimaiyyət nümayəndələrindən ibarət müvafiq seçim komissiyası formalaşdırılacaqdır.
Nazir müavini qeyd etmişdir ki, bu mükafatın mütləq şəkildə hər il təqdim olunacağı planlaşdırılır. Bu mükafatın hər il altı nəfərə verilməsi nəzərdə tutulur.

AzeərTac