Bioloqlar müəyyənləşdirmişlər ki, delfinlər yalnız onlara xas olan fit səslərini yamsılaya bilir və ondan hər bir heyvanın unikal adı kimi istifadə etməyi bacarırlar. Tədqiqat işi “Proceeding of the Royal Society B” jurnalında dərc olunmuşdur.
Delfinlərin öz həmcinslərinin səslərini təqlid etmək bacarığı haqqında məlumat əvvəllər də olmuşdur. Məsələn, məlum olmuşdur ki, delfin balaları analarının çıxardığı səsləri öyrənir və təqlid edirlər. Yeni tədqiqatda alimlər 250 heyvan üzərində müşahidələr apararaq onların bu cür davranışını öyrənməyə nail olmuşlar.
Tədqiqata cəlb edilən delfinlərin əksəriyyəti son 30 ildə Floridada keçirilən tədqiqat proqramı çərçivəsində tutulmuşdur. Heyvanları qısa müddətə təcrid etmiş və onların çıxardıqları səsləri lentə almışlar.
Alimlər müəyyənləşdirmişlər ki, heyvanlar bir-birləri ilə mehriban münasibətdə olur, bir-birlərinin səslərini təqlid edirlər. Erkək, dişi delfinlər, onların balaları özlərini məhz bu cür aparmışlar. Qısa təcridolunma ərzində heyvanlar bir-birlərini görə bilməmiş, yalnız səslərini eşitmişlər.
Alimlərin sözlərinə görə, delfinlər bir-biri ilə birləşmək üçün həmcinslərinə xas olan səslərdən ad qismində istifadə etmişlər.
Məməlilər arasında delfinlər intellektual bacarıqları və mürəkkəb sosial strukturları ilə məşhurdurlar. Onlar genetiklərin böyük marağına səbəb olurlar. Son 50 ildə delfinlərin beyninin həcmi xeyli böyümüşdür. Bu parametrə görə delfinlər yalnız insanlardan geri qalırlar.
AzərTac