IDEA kampaniyası yeni qlobal layihəyə start verir (FOTO)
22.2.2013

Müasir dünyada baş verən antropogen proseslər nəticəsində planetimizdə yaranan qlobal ekoloji problemlərin sürətlə artması ekosistemlərin deqradasiyaya uğramasına, bitki və heyvanat növlərinin məhv olmasına səbəb olmaqdadır. Bioloji müxtəlifliyin belə sürətlə azalması təbiətin bütün komponentləri kimi quş növlərindən də yan keçmir.

Bildiyimiz kimi, IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədilə 2012-ci ilin may ayında Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə "Quşlar üçün sığınacaq dizaynı" adı altında müsabiqə elan edib.

IDEA-dan Trend-ə verilən məlumata görə, müsabiqəyə təqdim edilmiş 100-dən artıq işin qiymətləndirilməsi üçün xüsusi münsiflər heyəti təşkil edilib və münsiflər heyəti tərəfindən birinci yerin qalibi həm ekoloji, həm də vizual cəhətdən fərqlənən Rusiyadan 26 yaşlı Tatyana Burdyuginanın işi qalib müəyyən olunub.

Xatırladaq ki, seçilmiş dizayna əsasən hazırlanacaq sığınacaqların bahar fəslinin gəlməsi ilə əlaqədar olaraq Bakı daxil olmaqla, Vilnüs, Moskva və London şəhərlərində də IDEA kampaniyasının səyyar könüllü qrupları tərəfindən müxtəlif park və yaşayış ərazilərində köçəri quşları təhlükəsiz sığınacaqlarla təmin etmək məqsədilə quraşdırılacaq.

Qeyd edək ki, IDEA kampaniyası Cənubi Qafqazda "Beynəlxalq Köçəri Quşlar Kampaniyası"nın yeganə tərəfdaşıdır və 2011-ci il iyul ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.

trend.az