Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycana səfər edəcək
15.11.2011

Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ölkəmizə ilk dəfə səfər edəcək. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, səfər Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə əlaqədar turizmin inkişafı istiqamətində görülən işlərlə yaxından tanış olmaq və bu sahədə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək məqsədi daşıyır.
Səfər çərçivəsində turizm sahəsində əməkdaşlıq perspektivlərinin və digər məsələlərin müzakirə olunması məqsədilə ölkə rəhbərliyi, Mədəniyyət və Turizm, Xarici İşlər, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər, İqtisadi İnkişaf nazirlikləri, Dövlət Miqrasiya Xidməti, eyni zamanda beynəlxalq və qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır.
Taleb Rifainin Azərbaycana səfəri 15-16 noyabr tarixlərində nəzərdə tutulur.