Parisdə Karusel de Luvr zalında kulinariyaya dair nəşrlərin sərgisi keçirilmişdir.
Dünyanın 65 ölkəsinin nəşriyyatları tərəfindən buraxılan kulinariyaya dair kitablar sərgidə nümayiş etdirilmiş, 10 ölkənin ləziz yeməklərinin təqdimatı olmuşdur. Azərbaycan kulinariyasını təbliğ edən Stal Xankişiyevin bir neçə kitabı sərgidə yer almışdır. Müəllif zəngin Azərbaycan mətbəxinin ləziz yeməklərindən olan şah plovu təqdim etmişdir. Təqdimat zamanı S.Xankişiyev Azərbaycan tarixi, coğrafi quruluşu, gözəl təbiəti, insanlarının gülərüz və səmimiliyi və mətbəxi barədə iştirakçılara dolğun məlumat vermiş və şah plovun hazırlanmasını əyani şəkildə nümayiş etdirmiş, çoxlu sayda suallara cavab vermişdir. İştirakçılar xalqımızın süfrəsinin bəzəyi olan şah plova böyük maraq göstərmiş, hətta ondan dadmaq imkanı əldə etmişlər.
Təqdimat zamanı iştirakçılar “Humay” qızlar ansamblının ifa etdikləri Azərbaycan musiqisini də dinləmişlər.
Stal Xankişiyevin Azərbaycan kulinariyasından bəhs edən kitabı nəfis şəkildə tərtibatına və məzmununa görə sərginin münsiflər heyəti tərəfindən birinci yerə layiq görülmüş və xüsusi diplomla təltif edilmişdir.
Sərgi fevralın 25-dək davam edəcəkdir.
Azərbaycanın tanınmış baş kulinarı Tahir Əmiraslanov sərgi ilə bağlı verdiyi müsahibəsində demişdir: Dünyada kulinariya ilə bağlı çox böyük sərgilər keçirilir. Buna Malayziyada, Fransada və Polşada təşkil olunan sərgiləri misal gətirə bilərəm.
Stal Xankişiyev Azərbaycan mətbəxi barədə çox gözəl kitab yazmış və onu Moskvada çap edən nəşriyyat həmin əsəri bu gün Parisdə keçirilən sərgiyə təqdim etmişdir. Yeri gəlmişkən qeyd edim ki, Heydər Əliyev Fondu Moskvada bu kitabın təqdimatını keçirmişdir. Əsərin Bakıda da təqdimatı olmuş və onun Parisdəki sərgidə nümayiş etdirilməsi qərara alınmışdır.
Bir məsələni də qeyd edim ki, S.Xankişiyevin kitabı sərgidə çox böyük maraq doğurmuşdur. Sərgi iştirakçıları Azərbaycan guşəsi ilə yaxından maraqlanır, gətirdiyimiz müxtəlif çeşidli şirniyyatlarımızı dadır, Azərbaycan musiqisinə qulaq asır və ölkəmizə dair suallar verirlər. Mən bunu Azərbaycan mətbəxinin dünyada tanıdılması istiqamətində atılan uğurlu addım kimi dəyərləndirirəm. Səfərimizin təşkilinə yaxından yardım göstərən Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm.
Kitabın müəllifi Stal Xankişiyev müsahibəsində kulinariyaya marağın necə yarandığını, uzun müddət Özbəkistanda yaşadığını, özbək və Azərbaycan mətbəxi ilə bağlı kitablar yazdığını, ilk vaxtlar internet vasitəsilə əlaqə saxladığı Moskva nəşriyyatlarının birinin kulinariyaya dair ilk əsərinə maraq göstərdiyini və onu çap etdirdiyini, həmin əsərin alıcılar arasında ciddi maraq doğurduğunu və tez bir vaxtda satılıb qurtardığından bir neçə dəfə təkrarən nəşr olunduğunu, Azərbaycan mətbəxi barədə daha sanballı əsər yazmaq məqsədi ilə ölkəmizə səfər etdiyini, yaxın vaxtlarda Azərbaycan mətbəxi ilə bağlı “Kabab” və “Plov” kitablarının işıq üzü görəcəyini bildirmişdir.
AzərTAc