Azərbaycan musiqiçisi ABŞ-da konsert proqramı ilə çıxış edəcəkdir
19.8.2011

Azərbaycanın tanınmış kamança ustası İmamyar Həsənov avqustun 20-də ABŞ-ın Çikaqo ştatındakı “Harper College”də konsert proqramı ilə çıxış edəcəkdir. Bu barədə məlumat verən İ.Həsənov Beynəlxalq “İpək yolu” konsertində solo ifa edəcəyini bildirmişdir.
ABŞ, Böyük Britaniya, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin məşhur musiqiçilərinin qatılacaqları konsertdə azərbaycanlı kamança ustası əcnəbi tamaşaçılara “Rast”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Şur” muğamlarını, milli rəqslərimizdən ibarət kompozisiyaları təqdim edəcəkdir.
Qeyd edək ki, bundan əvvəl ABŞ-da İ.Həsənovun “Açılmamış xəzinə” (An Undiscovered Treasure) diski işıq üzü görmüşdür. Diskə T.Quliyev, F.Əmirov, A.Məlikov və digər məşhur Azərbaycan bəstəkarlarının əsərlərindən əlavə, musiqiçinin “Çahargah muğamı əsasında rapsodiya”sı və “Bayatı-Şiraz” və “Çahargah” muğamları əsasında improvizasiyaları da daxil edilmişdir.