Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş kitab forumu və bədii festival keçiriləcəkdir
25.2.2013

Böyük Britaniyanın “İpək Yolu Mediası” (Silk Road Media) şirkəti və “Hertfordshire Press” nəşriyyat evi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə mayın 3-dən 5-dək Bakı və Gəncədə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş “Orta Asiya açıq kitab forumu və bədii festival 2013“ keçiriləcəkdir.

Beynəlxalq forum və bədii festivalın açılışında Qırğıstanın keçmiş prezidenti Roza Otunbayeva, Baronessa Syuzan Qrinfild və digər fəxri qonaqlar iştirak edəcəklər.

Beynəlxalq tədbirdə Azərbaycanda və Orta Asiyada nəşriyyat işinin gələcək inkişafına kömək etmək məqsədilə yerli, bölgə və beynəlxalq müəlliflər, nəşriyyatlar, dövlət idarələri, təşkilatlar, təhsil müəssisələri, pərakəndə satış müəssisələri və oxucular iştirak edəcəklər.

Tədbirdə, həmçinin dünyada tanınmış gənc yazarların kitabları oxunacaq, seminarlar keçiriləcək, mühazirələr söyləniləcəkdir.

Festival çərçivəsində bədii tərcümələr, şeir mövzusunda ustad dərsləri keçiriləcək, həmçinin nəşriyyatla bağlı qarşılıqlı diskussiyalar aparılacaqdır.

Beynəlxalq müsabiqədə mükafat kimi qalibə Böyük Britaniyada kitabını pulsuz çap etdirmək imkanı veriləcək və o, “London kitab sərgisi-2014”də iştirak etmək şansı qazanacaqdır.

AzərTAc