Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Biləcəridəki Respublika Stend Atıcılığı İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Mahir nişançı” güllə atıcılığı üzrə VII respublika turniri keçirmişdir.
26 fevral – Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar təşkil edilən turnirin keçirilməsində əsas məqsəd XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək, gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərilməsi, güllə atıcılığı üzrə idman növünün geniş təbliğ edilməsidir.
Tədbirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamışlar.
Yarışda respublikanın 40 ali və orta ixtisas təhsili müəssisəsinin 160 tələbəsi iştirak etmişdir. Yekun nəticəyə əsasən, Azərbaycan İqtisad Universitetinin komandası turnirin qalibi adını qazanmışdır. Milli Aviasiya Akademiyasının tələbələri ikinci, Bakı Biznes Universiteti komandası isə üçüncü yeri tutmuşlar.
AzərTac