Sabah Bakı və Abşeron yarımadasının bəzi yerlərində çiskinli yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, sabah şimal küləyi gündüz mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5, gündüz 11-15 dərəcə olacaq. Martın 3-də isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlədə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək və axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq.
Martın 2-də respublikanın bəzi bölgələrində havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 4-9 dərəcə isti olacaq. Ayın 3-də havalar əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7, bəzi yerlərdə 12 dərəcəyədək isti olacaq.
Martın 2-də meteoroloji amillərin mülayim tərəddüdü əksər meteohəssəs insanlar üçün əlverişli olacaq. Amma martın 3-də arabir güclənən gilavar küləyinin üstünlüyü əksər meteohəssəs insanlarda diskomfort hissi yarada bilər.
APA