Martın 4-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və “VİVA BELLA” şirkətinin birgə təşkilatçılığı ilə akademiyanın muzey-sərgi kompleksində “İtaliyanın nağıllar aləmi” adlı sərgi açılacaqdır.
Akademiyadan bildirilmişdir ki, ekspozisiyada farfor kolleksiya kuklaları və gülləri nümayiş olunacaqdır. 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə eyni vaxta təsadüf edən sərgi əziz qadınlar və bütün incəsənətsevərlər üçün bayram hədiyyəsi olacaqdır.
Hazırda dünyanın beş qitəsində tanınan “Montedragone” firmasının əsası keçən əsrin 70-ci illərində, o zaman yeniyetmə xanım, indi isə tanınmış rəssam olan Stefani Rosetti və dizayner Nadir Binonun birgə əməkdaşlığı nəticəsində qoyulmuşdur. Firmanın ilk kuklalarının geyimləri Venesiya kostyumları əsasında hazırlanmış və İtaliyanın tarixinə aid prototiplər əsasında yaradılmışdır. Bu seriya “Gli Originali” və ya “The Originals” adlanırdı. Tezliklə İtalyanın digər farfor kukla istehsalçıları da “Montedragone” üslubunda kuklaların istehsalına başlamışlar.
“Montedragone” kolleksiyasını fərqləndirən cəhətlərdən biri də parlaq orijinal üslub və dəqiq seçilmiş materiallardır. Bütün əl işləri bu günədək şirkətin yaradıcıları tərəfindən görülür. Şirkətin laboratoriyasında dizayner Nadir Bino və heykəltəraş Paolo Friqo farfor kuklaların əsasını hazırlayır, Stefani Rosetti isə personajların üz cizgilərini çəkir və öz zövqünə əsaslanaraq onlar üçün müxtəlif paltarlar tikir.
“Montedragone”un kuklaları nadir və orijinaldır. Onların hər biri özünəməxsus xarakterə malikdir. Sənətkarlar kolleksiyaları İtaliya nağıllarının süjetinə əsasən hazırlayırlar. Bu mehriban feyalar, kinli cadugərlər, meşə cırtdanlarıdır. Hər personaj özlüyündə bir sehrə malikdir.
“Montedragone” şirkətində “hand made” məhsulunun hazırlanması üçün möhkəm çini, təbii ipək, incə krujeva kimi ən keyfiyyətli İtaliya materiallarından istifadə edilir.
Şirkətin fəlsəfəsi daimi təcrübə, yeni konseptual ideyaların axtarışı və əfsanələrin sirrinə dalmaqdır.
Ekspozisiyada, həmçinin 1981-ci ildə yaradılan “Fabiola” firmasının farfor kuklaları da nümayiş etdiriləcəkdir. Bu firmanın əsası dərziliklə məşğul olan Fabiola Karpanezenin nadir və incə zövqlü kuklaları hazırlamağa olan həvəsi nəticəsində qoyulmuşdur. İlk vaxtlar “Fabiola”nın məhsulları toylarda, xaç suyuna salma mərasimlərində və digər bayramlarda hədiyyə edilən suvenir-kuklalardan ibarət olmuşdur. Son 10 ildə isə şirkətin fəaliyyətinin əsas istiqaməti tipik Venesiya kuklalarının – “Venesiyalı qız”, “Arlekkino”, “Pulçinella” və həmçinin “Feya”, “Cırtdan” və “Elf” kimi digər nağıl qəhrəmanlarının hazırlanmasından ibarətdir. Məhsullarının hazırlanmasında yalnız İtaliya istehsalı olan keyfiyyətli materiallardan istifadə edilir.
Sərgidə, həmçinin “Union” firmasının istehsalı olan farfor gül kompozisiyaları da nümayiş etdiriləcəkdir. İncə zövqlə hazırlanmış farfor gül kompozisiyaları qədim sənətkarlıq istehsalının ənənələrini və yeni minilliyin innovasiyalarını özündə birləşdirən 40 illik təcrübənin nəticəsidir. Bu farfor məmulatlarında Neoplitan istehsalı olan Kapodimontenin priyomlarını və klassik antik üslubun dekorunu görmək mümkündür. Həmçinin hər gülü yeganə və əvəzedilməz detala çevirən, keramikanın nəcib və qiymətli növü olan “Ağ qızıl”a da rast gəlinəcəkdir.