Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynova həsr edilən klipin təqdimat mərasimi keçirilib. Anspress-in məlumatına görə, “İbadlar diyarı” adlanan kompozisiyanı xalq artisti Flora Kərimova, əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova bacıları, Lalə Məmmədova və “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva birgə ifa ediblər. Mərasimə qatılan milli qəhrəman tədbirdə iştirak edən sənətçilər və jurnalistlərin ayaqüstə alqışları ilə qarşılanıb.
“İbadlar diyarı” mahnısının musiqisi İmruzə Hüseynovaya, sözləri Gülşən Behbuda məxsusdur. Ekran işində milli qəhrəmanın şücaəti təsvir edilir. Klipi izləyərkən kövrələn F.Kərimova daha sonra mahnıdan bir hissəni canlı ifa etdi və fikirlərini üzünü İ.Hüseynova tutaraq, ona xitabən başladı: “Millətimiz İbad kimi oğullara borcludur. Vətəni sevməyi sizin kimi insanlardan öyrənməliyik. Siz Azərbaycanın varlığısınız”.
Sənətkar mahnıya söz və musiqi ilə yanaşı, Gülyaz və Gülyanaq Məmmədova bacılarının ifasının da gözəllik qatdığını əlavə etdi. G.Məmmədova isə sənətkarlara belə bir layihədə iştirak etdiyi üçün sevindiyini bildirdi. O, mahnını ifa edən zaman, xüsusən də muğam hissəsində hər kəsin kədərləndiyini vurğuladı.
Lalə Məmmədova isə xalqın adından İbad Hüseynova təşəkkürünü bildirdi: “Sual yarana bilər ki, niyə bu layihəyə yalnız qadın sənətçilər cəlb ediliblər. Hər zaman kişilər qadın gözəlliyini vəsf edirlər. Lakin eyni zamanda, qadınlar da kişilərin qəhrəmanlığını vəsf edə bilərlər”.
Səbinə Babayeva bu mahnı ilə milli qəhrəmana hörmət və sevgilərini təzahür etdiklərini dedi. O, müharibə şəraitində yaşayan Vətənimizə sülh və əmin-amanlıq arzuladı.
Mərasimə qatılan virtuoz ifaçı Rəmiş (Rafiq Hüseynov) İ.Hüseynovun heç kəsə məlum olmayan qabiliyyətindən danışdı: “Heç bir qəhrəman özü haqqında danışmaz. Qəhrəmanlar haqqında biz söz deməliyik. Hamımız İbadın cəsarətli olduğunu bilirik. Lakin onun çox gözəl gitarada ifa etmək qabiliyyəti də var. Bizim evdə olanda onun bu qabiliyyətini kəşf etdim. Ona sədəflə işlənmiş gitara hədiyyə edəcəyəm”.
Sonda Milli Qəhrəman təəssüratlarını bölüşdü. O, çox həyəcanlı olduğunu da gizlətmədi: “Bütün sənətkarlarımıza təşəkkür edirəm. Heç zaman bilməzdim ki, mənə şeir yazılar, mahnı bəstələnər, klip çəkilər. Mən sadəcə öz vətəndaşlıq borcumu yerinə yetirmişəm. Vətəni, xalqını qorumaq hər kəsin borcudur”.
Milli.Az