Ən yırtıcı heyvanların (şirlər, canavarlar və köpək balıqları) məhv edilməsi ekosistem üçün faciə olacaq və bu iqlim dəyişikliyini sürətləndirə bilər. Cəngəlliklərin, çöllərin və okeanların hökmdarlarının kütləvi olaraq nəslinin kəsilməsi atmosferə daha çox istixana qazının düşməsinə gətirib çıxarır.
www.newscientist.com saytının məlumatına görə, bu nəticəyə Kanadanın Britaniya Kolumbiyası Universitetinin alimi Trişa Etvud gölləri, Kanada və Kosta-Rikanın çaylarını araşdıraraq gəlmişdir. Müxtəlif ekosistemlərdə və iqlim qurşaqlarında o, eyni mənzərə ilə qarşılaşmışdır. Əgər yırtıcıları məhv etsək (məsələn, göldən bütün forelləri tutsaq), karbon emissiyaları 10 dəfədən çox artacaqdır.
Qida kaskadının geokimyəvi tərəfi hələ ki, yaxşı öyrənilməsə də, T.Etvud göstərə bilmişdir ki, ən azından suda yaşayan ekosistemlərdə fotosintetik yosunlara kimi bütün zəncir boyu baş verən dəyişikliklər karbon qazının atmosferə çıxışının artımına gətirib çıxarır. Əlbəttə, belə effekt hər zaman olmayacaqdır.
Bu mövzuya dair digər tədqiqatlar da mövcuddur. ABŞ-ın Kaliforniya Universitetindən Kristofer Uilmers Şimali Amerikanın sahilboyu sularından dəniz meymununun yox olması ilə karbon qazının artması arasındakı əlaqəni aşkar etmişdir.
Digər tədqiqatlar göstərmişdir ki, Yeni Zelandiyanın sahillərində bəzi ada ekosistemləri özünün ən yırtıcı heyvanları - dəniz quşlarının koloniyaları vaxtaşırı məhv edən siçovullar sayəsində 40 faiz daha çox karbon tədarük edir.
Qlobal iqlim modelləri hələlik bu prosesdə iştirak etməsə də, T.Etvud qeyd edir ki, onlar böyük rol oynaya bilərlər.
Tədqiqatın nəticələri “Nature Geoscience” jurnalında dərc olunmuşdur.
AzərTac