Bu yaxınlarda (noyabr ayının 2-si ) məşhur Hind aktyoru, Bollivud ulduzu, çoxlarının sevimlisi Şahruh Xanın ad günü olub. Həmin gün Mumbaydan qayıdan aktyor sürprizlə qarşılaşıb. Belə ki, təyyarənin işçi heyəti və onun dostları saat 12:00-u vuran kimi aktyoru təbrik edib. Şahrux ad günü tortunu da məhz Mumbaya uçuş zamanı kəsib.
"Bütün oğlan və qızlara öz təşəkkürümü bildirirəm. Ad günümü təyyarədə qeyd etdim" – Şahrux Twitter-də qeyd edib.
Qeyd edək ki, Şahrux Xan 1965-ci il 2 noyabrda Yeni Dehlidə anadan olmuşdur. Əslən puştundur və dini etiqadına görə müsəlmandır. Ailədə 2 uşaqdırlar - yaşca ondan böyük olan Şahnaz adlı bacısı var. Atası Tac Məhəmməd Xan hüquqşünas olmuşdur. Hindistanın bölünməsinə qədər Peşəvərdən Yeni Dehliyə köçmüşdür. Anası Fatimə Xan xalq hakimi idi.Şahrux Xan məktəbi Dehlidə oxumuş, 1988-ci ildə Dehli Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Daha sonra kütləvi rabitə ixtisası üzrə magistr dərəcəsini almışdır. Lakin buna baxmayaraq o, aktyor sənətini daha üstün tutmuşdur. 1991-ci ildə valideynlərinin ölümündən sonra o, Mumbay şəhərinə köçmüşdür. 1991-ci il 25 oktyabr tarixində Qauri Çibber ilə ailə həyatı qurmuş və bu nikahdan 1997-ci ildə oğlu Aryan və 2000-ci ildə qızı Suanna anadan olmuşdur. Şahrux Xan ilk aktyorluq debütünü 1988-ci ildə etmiş və bir neçə televiziya serialında çəkilmişdir. Kino fəaliyyətinə isə Bollivud adlandırılan Mumbay şəhərinə gəldikdən sonra başlamışdır. İlk rolunu 1992-ci ildə “Dəlisov məhəbbət” filmində ifa edir. Bu filmdəki roluna görə Şahrux Xan Hindistanın ən məşhur kino jurnalı olan “Filmfare” tərəfindən Ən Yaxşı Debütə görə mükafatını almışdır.
1993-cü ildə eyni vaxtda iki filmdə - “Qorxu altında həyat” və “Ölümlə oyun” filmlərində mənfi obrazlar yaratmışdır. İkinci filmdə ifa etdiyi Viki Malhotra rolundan sonra Ən Yaxşı Baş Rola görə yenidən “Filmfare” kino jurnalının mükafafatına layiq görülür. Növbəti mükafatını 1995-ci ildə “Qaçırılmamış gəlin” filmində ifa etdiyi Rac roluna görə alır. Bu film kinoteatrlarda 12 milyard rupi qazanmışdır və bununla Hindistan kino tarixində ən böyük kassa gəliri olan film hesab olunur.
Uğurlu rolları Şahrux Xanı məşhur kino aktyoruna çevirdi. Bəzən o, bir ildə 5-6 filmə dəvət alırdı. Nəticədə o, daha 5 dəfə “Ən Yaxşı Aktyor” adını almağa nail oldu. Bunların sonuncusu 2007-ci ildə çəkilən “İrəli, Hindistan” filmindəki otüstü xokkey üzrə qadınlardan ibarət komandanın baş məşqçisi rolu olur. Bundan əlavə, Şahrux Xan 17 dəfə müxtəlif mükafatlara namizəd olmuşdur.
2007-ci ildə əvvələr Amitabh Baççanın apardığı “Milyonçu” teleoyununun aparıcısı olmuşdur. 2008-ci ilin aprelində isə “Kim 5-ci sinif şagirdindən ağıllıdır?” teleoyununun hind versiyasının aparıcılığını etmişdir. İndiyə qədər 70-ə yaxın filmdə çəkilmişdir.
Biz də məşhur aktyoru təbrik edirik və onun iştirakı ilə çəkilmiş filmlərdən bir neçə lirik klipi sizə təqdim edirik.
Klip 1
Klip 2
Klip 3
Klip 4
Klip 5