ABŞ-ın Missisipi ştatında dünya tibb tarixində nadir, bu günədək mümkünsüz sayılan hadisə baş vermişdir. QİÇS/HİV virusu ilə doğulmuş 2 yaş yarımlıq uşaq bu ölümcül xəstəlikdən tam müalicə olunmuşdur.
Həmin qız müalicəsi mümkünsüz sayılan xəstəlik diaqnozu ilə doğulandan az sonra həkimlər onu müvafiq dərman preparatları ilə “aqressiv” müalicə etməyə başlamışlar.
“Aqressiv” adlanan müalicə kursu yüksək fəallıq səviyyyəsinə malik antiretrovirus terapiyasından ibarətdir. Bu zaman eyni vaxtda 3-4 güclü təsirə malik dərman preparatı pasiyentə verilir.
Aparılmış son müayinələr göstərmişdir ki, balaca qızın orqanizmində QİÇS infeksiyasının izləri belə qalmamışdır.
Missisipidəki Con Hopkins Uşaq Klinikasının həkimləri qızın anadan olmasından 3 gün sonra ona güclü təsirə malik dərman preparatları verməyə başlamışlar. Bunun nəticəsində virus uşağın orqanizmində “möhkəmlənə” bilməmişdir.
“Aqressiv” terapiya ilyarım davam etmişdir. Sonra isə qızın anası heç bir səbəb göstərmədən uşağı xəstəxanadan çıxarmış və 10 ay ərzində uşağa heç bir dərman verməmişdir.
Con Hopkins Uşaq Klinikasının həkimi, professor Debora Perso demişdır ki, əvvəlcə düşündük ki, uşağın orqanizmində QİÇS/HİV virusunun tapılmaması laboratoriya səhvidir. İki həftə sonra müayinə və analizləri təkrarladıq. Cavab eyni idi: uşağın orqanizmində virus qalmamışdır.
“University of Missisipi Medical Center”in həkimləri nadir müalicənin QİÇS/HİV virusundan yeni müalicə metodikası saymağa tələsmirlər, çünki dünyada hələlik yalnız bir belə hal baş vermişdir.
Bundan sonrakı tədqiqatlar “aqressiv” terapiyanın səmərəliliyini sübut edərsə, onda dünyada QİÇS/HİV virusu ilə doğulmuş yüz minlərlə uşağı ölümdən xilas etmək mümkün olacaqdır.
AzərTAc