«Azərpoçt» MMC yaxın gələcəkdə bütün bank xidmətlərini göstərməyə başlayacaq.
Bunu Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda «Azərpoçt» kreditlərin verilməsi və depozitlərin qəbulu istisna olunmaqla, müştərilərə digər bütün bank xidmətlərini göstərir. «Bank sektorunda təcrübəmiz azdır və eyni zamanda, işçilərin təlimlərə ehtiyacı var və buna görə, bu məsələdə nə tələsmək, nə də gecikmək niyyətindəyik», - deyə N.Məmmədov.
N.Məmmədov əlavə edib ki, Dünya Bankı tərəfindən «Azərpoçt»a qrant ayrılıb və bu vəsait hesabına şirkətin bütün işçiləri (poçtalyonlardan başqa) müvafiq treninqlər keçəcək: «Ümid edirik ki, yaxın gələcəkdə qanunvericiliyə müvafiq dəyişiklər ediləcək və bundan sonra, təqribən 2015-ci ildə «Azərpoçt» mikrokreditlərin verilməsi və depozitlərin qəbuluna başlayacaq. Bununla da «Azərpoçt» bütün bank xidmətlərini göstərmiş olacaq».
Xatırladaq ki, 2010-cu ilin aprel ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən «Azərpoçt»a maliyyə xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziya verilib. Nəticədə, 2011-ci ildə şirkətin maiyyə xidmətlərinin göstərilməsindən gəlirləri 200 min manat, 2012-ci ildə isə 800 min manat olub. Hazırda «Azərpoçt»un 15 bankomatı quraşdırılıb və 10 min plastik kartı buraxılıb.
APA