22 yaşlı Azad Sinqhin boyu 0,91 metrdir. Anadangəlmə nadir hormonal xəstəlik ucbatından Azad 5 yaşına çatanda onun boy artımı dayanmışdır. Azadı məktəbdə sinif yoldaşları lağa qoyur, təhqir edirdilər. Çünki onun boyu 1 metrə çatmırdı. Çəkisi də təxminən 19 kiloqramdır.
Azad Sinqh 18 yaşına çatanda da onu balaca uşaq hesab edirdilər. Hazırda isə o, müəllimdir - dünyanın ən balacaboylu müəllimi.
Azad Sinqh Hindistanın Haryana ştatındakı orta məktəblərdən birində informasiya texnologiyaları və kompyuter dərsləri deyir. O, uşaq paltarları geyinsə də, şagirdləri onu çox sevirlər.
Balacaboy müəllim dərsdə rahat danışa bilmək üçün masanın üstünə çıxır və yazı lövhəsində yalnız bu minvalla yaza bilir.
Tədris etdiyi fənni əla bilən Azad Sinqhi məktəbə kiçik bacısı 15 yaşlı Suman motorollerlə aparıb-gətirir.
Ayda 10 min rupi, yəni 120 dollar maaş alan Azad 7 yaşlı oğlanlar üçün nəzərdə tutulan paltarları geyinir. Onun 19 yaşlı bacısı Lakşmi də balacaboydur. Ailənin isə hormonal xəstəlikləri müalicə etməyə pulu yoxdur.
AzərTAc