Azərbaycanlı rəqqas ABŞ-da dünya şöhrətli ulduzla bir səhnəni bölüşəcək
6.3.2013

Martın 16-da Nyu-York şəhərinin “Millenium” teatrında dünya şöhrətli müğənni İştar Alabinanın geniş konsert proqramı təqdim olunacaq. Azərbaycanlı rəqqas, Əməkdar Artist Tahir Eynullayev də bu konsertdə iştirak edəcək.

Tahir Eynullayev bildirib ki, konsertdə milli rəqslərimizi təqdim edəcək, həmçinin Nyu-York şəhərində həmvətənlərimiz üçün təşkil olunacaq konsert proqramında iştirak edəcək. Konsertdən sonra o, şəhərin ən böyük ali təhsil ocaqlarından birində tələbələrə ustad dərsləri keçəcək.

Tanınmış rəqqasımız bundan əvvəl ABŞ, Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib.

İştar Alabina ötən əsrin 90-cı illərinin sonlarından tanınmağa başlayıb və hazırda müasir estrada janrının ən parlaq simalarından biridir. Nadir vokal diapazonu, pop musiqisini özündə əks etdirən qeyri-adi üslubu ilə seçilən müğənni İştar Alabina beynəlxalq musiqi arenasının misilsiz incisi kimi məşhurdur.

İndiyədək dünyanın müxtəlif ölkələrində milyonlarla albomu satılmış, mənşəcə İsrailli olan məşhur müğənni bir sıra mükafatların laureatı olub və çoxsaylı uğurlara imza atıb. Dünya şöhrətli müğənninin müxtəlif vaxtlarda işıq üzü görmüş musiqi albomları dünya xit-paradlarında birinciliyə yüksəlib.

publika.az