Azərbaycanın qəhrəman qadınları - İlk təyyarəçi qadınlar
7.3.2013

Mart ayı bayram ayı kimi yadda qalır. Bu həftə bütün qadınların sevdiyi 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Qadınların cəmiyyətdə rolu olduğu kimi, qəhrəmanlıq tarixində də rolu əvəzolunmazdır. Bu həftə Azərbaycanın qəhrəmanlıq tarixində rolu olan və ilkə imza atan qadınlara həsr olunacaq və onlar haqqında məlumatlar veriləcək.

Dünyanı gözəllik xilas edəcək. Bu gözəllik isə ancaq qadınlar sayəsində mümkün olacaq. Lakin Azərbaycan qadını tarixin bütün dövrlərində sübut edib ki, dünyanı öz gücü ilə də xilas etmək bacarığına malikdir. Hər nə qədər qadınlar haqqında zəif məxluq desələr də, bu belə deyil. Hər bir qadın kişi olmadan işlərini görə və şəxsi problemlərini həll edə, hətta təkbaşına övlad böyüdə bilər. Lakin heç bir kişi qadın olmadan adi depressiyadan çıxa bilməz.

Tarixə nəzər salmaq kifayətdir ki, qadınların güclü və mübarizkar olduğunu görəsən. Xüsusən də Azərbaycan qadınları hər zaman öz şücaəti və mərdliyi ilə digər xalqların qadınlarından seçilib. Tarix boyu dastan və əfsanələrdə öz qəhrəmanlıqları ilə fərqlənməyi bacarıb. Onların arasında diplomatlar, hökmdarlar, hətta sərkərdələr, döyüşçülər var.

Tarixi xənizəmiz olan “Kitabi-Dədə Qorqud”da kişilərlə qoşa yay atan, qurşaq tutub güləşən, cıdırda öndə gedən Burla xatun, Banu Çiçək, Selcan xatun kimi qəhrəman qadınlarımız haqqında hər birimiz oxumuşuq.

İlk qadın qəhrəman kimi taxirə düşən Massaget hökmdarı Tomris olub. Massaget hökmdarı Tomris İran şahı Kirin Azərbaycana hücumunun qarşısını almaq inanılmaz mərdlik göstərib.

Bərdə hökmdarı Nüşabə böyük fateh makedoniyalı İsgəndərlə görüşmüş, öz müdrikliyi və dərin ağlı ilə onda dərin təsir buraxmış və qan tökməkdən çəkindirməyi bacarıb.

Tarixi əhəmiyyət daşıyan Koroğlu dastanın qadın qəhrəmanı Nigar da güclü qadınları təmsil edir. O, Koroğlunun təkcə həyat yoldaşı deyil, həm də ən yaxın silahdaşı olub.

Digər bir xalq qəhrəmanı Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər əlində silah 25 ildən artıq at belində zalımlara qarşı döyüşmüşdür.

Quba xanı Fətəli xanın həyat yoldaşı Tuti Bikəyə, 1776-cı ildə Dərbənd şəhərini idarə etmək tapşırılıb. O, ərinin döyüşdə öldürülməsi barədə şayiələrə inanmayaraq şəhəri sonadək müdafiə etmiş, 9 ay düşməni Dərbəndə buraxmayıb.

Azərbaycanı qanlı müharibələr daima izləmiş və rahat buraxmayıb. Mübariz və şücaətli Azərbaycan qadını bu müharibələrdə də öz gücünü göstərmiş və xalqı üçün bacardığını edib. İkinci dünya və bütün ölkələri sarsıdan sarsıdan müharibədə azərbaycanlı qadınları iştirak edib və güclü olduğunu bir daha sübut edib.

Keçmiş SSRİ dövründə bu, Böyük Vətən müharibəsi adlandırılırdı. Bu müharibədə 640 min azərbaycanlı iştirak edib. Həmin qanlı müharibədə kişilərlə bərabər, qadlnlar da iştirak edib və qələbənin əldə edilməsində onların da rolu olub. II Dünya müharibəsində Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olan azərbaycanlı Leyla Məmmədbəyova aviasiya mayoru rütbəsinə yüksəlib. Ümumilikdə 6 uşaq anası olan L. Məmmədbəyovanın yetkinlik yaşına çatmamış 4 övladı olduğuna görə onun Böyük Vətən müharibəsində iştirakına icazə verilməmiş, müharibə illərində yüzlərlə desant və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollanıb. Onun tələbələri arasında 2 nəfər Sovet İttifaqı Qəhrəmanı adını alıb.

Digər həmyerlimiz – Sona Nuriyeva da ilk təyyarəçi qadınlardan biri olub. O, Bakı təyyarəçilər klubunda yetişib. S. Nuriyeva 1945-ci ildən beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq etmiş, 1949-1968-ci illərdə Zabrat aeroportunda işləyib. Keçmiş SSRİ Ali Sovetinin deputatı seçilmiş, orden və medallarla təltif edilib.
Züleyxa Seyidməmmədova kapitan rütbəli təyyarəçimiz olub. O, II Dünya müharibəsində təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini kimi 500-dən artıq döyüş uçuşu keçirib. 1952-1975-ci illərdə Azərbaycan SSR ictimai təminat naziri, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Dövlət təltifləri var.

Müharibə illərində digər bir qadın qəhrəmanımız - gəmi kapitanı Şövkət Səlimova 1940-cı ildə Bakı Dənizçilik Məktəbini bitirmişdir. II Dünya müharibəsində Xəzər Dəniz Gəmiçiliyində kapitan müavini və kapitan işləyib. Müharibə dövründə dünyada iki qadın gəmi kapitanından biri olub.

Azərbaycan qadının qəhrəmanlıq mübarizəsini təəssüflər olsun ki, 80-ci illərin sonu və 90-ci illərin əvvəllərində də göstərməli oldu. Erməni qəsbkarları 1988-ci ildə torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu günədək Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparırlar.


Salatın Əsgərova 1961-ci il 16 dekabrda Bakıda, ziyalı ailəsində dünyaya gəlib.
1979-cu ildə paytaxtdakı M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib. 1991-ci il yanvarın 9-da Laçın-Şuşa yolunun 6-cı kilometrliyində, Qaladərəsi kəndi yaxınlığında azğınlaşmış erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, onun içərisində olduğu avtomaşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə istedadlı jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilib. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. O, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Paytaxtda bir küçə, Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır və yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adı verilib.

Əsgərova Gültəkin Məlik qızı,1960–cı il noyabrın 20-də Bakıda anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. Əmək fəaliyyətinə 8 nömrəli təcili tibbi yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji Kliniki Xəstəxanada işləyib. 1992-ci ilin aprelindən könüllü cəbhəyə yollanmış, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərmişdir. 1992-ci il iyulun 19-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ölümündən sonra, 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Həlak olduğu yüksəkliyə, Xəzərin sularında üzən bir gəmiyə, ailəsində isə bir körpəyə onun adı verilib.

Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Bakı Ticarət Texnikumunu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışıb. 1991-ci ildə doğma yurdu Qazaxa qayıtmış, könüllü surətdə ana torpağın müdafiəsinə qalxıb. 1993-cü ildə Aşağı Əskipara kəndində “Kalaşnikov” markalı avtomatla xeyli sayda erməni quldurlarını öldürdükdən sonra düşmən əlinə keçməmək üçün axırıncı gülləni özünə vurub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

publika.az