Martın 10-da Bakı İdman Sarayında keçirilən boks üzrə “İpək yolu” ənənəvi beynəlxalq turnirinə yekun vurulub.
Yarışda 11 ölkənin idmançıları mübarizə aparmışlar. Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Gürcüstan, Qazaxıstan, Fransa, Özbəkistan, Türkmənistan, İran, Rusiya, Türkiyə, Ukrayna və Qətərin dəri əlcək ustaları öz bacarıqlarını nümayiş etdiriblər.
Həlledici mərhələdə Azərbaycan milli komandasının üzvləri - Salman Əlizadə (49 kq) rusiyalı Bator Saqaluyevə, 2010-cu ilin Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə (52 kq) özbəkistanlı Şaxobiddin Zoirova, Samir Məmmədov (56 kq) komanda yoldaşı İlkin Ağayevə, Elnur Əliyev (60 kq) rusiyalı Maksim Şmıqlova, London Olimpiya Oyunlarının iştirakçısı Heybətulla Hacəliyev (64 kq) qazaxıstanlı Janibek Ajibaya, Rauf Rəhimov (81 kq) özbəkistanlı Boburbek Yoldaşevə, Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) ukraynalı Aleksand Babiçə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Milli komandanın digər boksçuları Eldar Quliyev (75 kq) Nurdavlet Jarmanova (Qazaxıstan), Toğrul İsayev (91 kq) isə Mənsur Sərdalova (Rusiya) məğlub olaraq gümüş medalla kifayətlənmişlər. Turnirdə 69 kiloqram çəki dərəcəsində mübarizə aparan ukraynalı Boqdan Şelestyuk Qazaxıstan boksçusu Madiyar Akseyevdən üstün olaraq qızıl medala sahib olmuşdur.
Gün.Az