Xəbər verdiyimiz ki, martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Arşın mal alan: dövr, insanlar, personajlar” mövzusunda sərgi açılacaqdır.
Muzeydən bildirmişlər ki, “Arşın mal alan” operettasının 100 illiyinə həsr olunan sərgiyə hazırlıq işləri başa çatmışdır.
Məqsədi dünya mədəniyyəti tarixində “Arşın mal alan” operettasının yerini, həmçinin onun yarandığı dövrü əks etdirmək olan sərgidə muzey fondlarından 230-dan artıq eksponat nümayiş olunacaqdır. Sərgi ilə bağlı muzey tərəfindən təbliğat xarakterli məhsullar (iki növ posterlər, Azərbaycan, rus, ingilis dillərində flayerlər, roll-up, orijinal dəvətnamələr), həmçinin çap məhsulları olan “Kak vorovali “Arşin mal alan” broşürü və sərginin bələdçi bukleti hazırlanmışdır. Bələdçi bukleti sərgi ilə bağlı məlumat verdiyi halda, “Kak vorovali Arşin mal alan” broşürü ermənilər tərəfindən operettanın oğurlanması ilə bağlı faktları açıqlayır.
Ekspozisiya MATM-ın materialları əsasında “Arşın mal alan” operettasının yaradılma tarixi ilə tanışlıqla yanaşı, o dövrün tarixinə daxil olmaq imkanını da verir.
Sərgi martın 12-də “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutacaq “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda Beynəlxalq elmi simpoziumun açılışı günü fəaliyyətə başlayacaq və iki ay ərzində qonaqların üzünə açıq olacaqdır.
AzərTAc