İlk proqramçı qadın
11.3.2013

Ada Avqust Bayron-Kinq dünyada ilk proqramçı qadın kimi tanınır. Məşhur ingilis şairi Corc Qordon Bayronun qızı Ada Kinq 1842-ci ildə ixtiraçı Çarlz Bebbicin hazırladığı layihə əsasında hesablama maşınının təsvirini verməklə ilk proqramı yaratmış və bununla tarixə düşmüşdür.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan AzərTAc-a bildirmişlər ki, məhz Ada Avqust Bayron-Kinq proqram təminatı tarixində ilk dəfə proqramlaşdırmanın əsas anlayışlarını təqdim etmişdir. Bundan başqa, hesablama texnikasından praktiki istifadənin mümkün istiqamətlərini – musiqi əsərlərinin yazılması, mürəkkəb qrafiki obyektlərin qurulması və hətta kompyuter oyunlarını proqnozlaşdırmışdır.

1976-cı ildə ABŞ-ın Müdafiə Nazirliyi Amerika silahlı qüvvələrinin vahid proqramlaşdırma dilinin adını rəsmi olaraq təsdiq etmişdir. Planetin ilk qadın-proqramçısının şərəfinə proqramlaşdırma dili ADA adlandırılmışdır.

AzərTAc